Bu gün Dövlət Sərhəd Xidməti giziri şəhid Mirağa Hafiz oğlu Qasımovun şəhadətə ucaldığı gündür.
Mirağa Qasımov 8 yanvar 1995-ci ildə Cəlilabad rayonunun Moranlı kəndində anadan olub.
Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, bir sıra yaşayış məntəqələrinin azad olunmasında igidlik göstərib, Zəngilan şəhərinin və ətraf ərazilərin azad edilməsində düşmənə sarsıdıcı zərbələr endirən bölmələrin tərkibində xüsusilə fərqlənib.
21 oktyabr 2020-ci ildə Zəngilan döyüşləri zamanı ağır yaralanan Mirağa Qasımov Bakı şəhərindəki Hərbi hospitala yerləşdirilib. 20 gün koma vəziyyətində qaldıqdan sonra, 12 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. O, doğulduğu Moranlı kəndində torpağa tapşırılıb.
Ölümündən sonra "Qarabağ" ordeni, həmçinin "Vətən uğrunda", "İgidliyə görə", "Zəngilanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.