Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ə.Əsgərov adına Masallı rayon Köhnə Alvadı kənd tam orta məktəbində şagird və valideynlərlə “Sağlam və rasional qidalanma”, “Uşaqların sağlam qidalanması” mövzularında maarifləndirici görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 noyabr tarixində verir.
Görüşdə düzgün qidalanmanın vacibliyi, bu mövzuda valideynin üzərinə düşən məsuliyyət, orqanizm üçün zərərli qidaların “qara siyahısı” barədə geniş məlumat diqqətə çatdırılıb. Həmçinin qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri, qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşısını almaq üçün tövsiyələr verilib.
Bundan başqa, sanitariya-gigiyena norma və qaydalarına riayət olunması, uşaqların sağlam və rasional qidalanması ilə bağlı görülən işlərdən danışılaraq məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamlar da diqqətə çatdırılıb.
Daha sonra iştirakçılara “Sağlam və rasional qidalanma”, “Uşaqların sağlam qidalanması” ilə bağlı məlumatlandırıcı çap materialları paylanılıb.
Sonda mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.