Cenublu.az-ın bugünkü müsahibi şair, publisist Xatirə (Xatun) Səfərəlizadədir.
Müsahibəni təqdim edirik:
- Xatirə xanım, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.
- 1968-ci ildə Lənkəranda doğulmuşam. Orta məktəbi bitirib öncə Lənkəran Pedaqoji Texnikumuna, sonra isə M.F.Axundov adına Rus Dili və Ədəbiyyat İnstitutuna (indiki Bakı Slavyan Universiteti) qəbul olmuşam. Təhsilimi qiyabi davam etdirməklə Lənkəran şəhər 2 nömrəli məktəbdə əmək fəaliyyətinə başladım.
Bir müddət Lənkəran Dövlət Universitetində (LDU) dünya ədəbiyyatı fənnindən seminar məşğələ müəllimi kimi çalışmışam. 2009-2010-cu tədris ilində LDU-nun ixtisasdəyişmə fakültəsində təhsil alıb, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişəm. Hazırda da Lənkəran şəhər 2 nömrəli orta məktəbində çalışıram.
İki şeir kitabının və lənkəranlı şəhidlərimizə həsr olunmuş “Payızın 44 anı” publisistik oçerklər toplusunun müəllifiyəm. Digər müəllif isə AYB Lənkəran bölməsinin rəhbəri, yazıçı-dramaturq Qafar Cəfərlidir. AYB Lənkəran bölməsinin orqanı olan “Şəfəq” ədəbi-bədii jurnalının məsul katibiyəm. AYB və AJB, İraq Türkmən yazarlar birliyinin üzvü, “Qızıl Qələm” və “Cəsarətli Qələm” mükafatı laureatıyam. Bu il Prezident təqaüdünə layiq görülmüşəm. Müxtəlif ədəbi müsabiqələrdən, layihələrdən fəxri fərman və mükafatlar almışam.
- Şeir yazmağa başladığınız ilk illərlə indiki dövrünüzdəki yanaşmalarınızda fərqlər varmı?
- Əlbəttə ki, hər işin əvvəli asan, ilki isə mükəmməl ola bilməz. Zamanla, yaradıcılığın və yaşın irəliləyən dövrlərində buna bir daha şahid olursan. Əgər öncə yaratdıqların indikilərin yanında zəif görünürsə, deməli, doğru yoldasan, necə deyərlər, inkişaf var.
Yox, elə yüz il bundan əvvəl nə demisən, yenə də o cür gedirsənsə, demək ki, ədəbiyyatda illərini boşa vermisən. Bu mənim subyektiv fikrimdir. Amma bütün hallarda yaradıcılıq istedadla yanaşı zəhmət, bir də ki geniş mütaliə, müşahidə tələb edir. Bu faktı danmaq olmaz. Arada köhnə şeirlərimi oxuyuram, deyirəm, bunu indi yazsam başqa cür yazardım, amma dəymirəm, onlar da hansısa bir yaşantının, bir anın bədii inikasıdır, qoy qalsın, deyirəm.
- Əvvəlki illərə qayıdaq. Yaradıcılığınıza necə başladınız və bu sahəyə olan marağınızın qaynağı nədir?
- Bədii yaradıcılıqla hələ uşaqlıqdan, orta məktəb illərindən məşğul olmuşam. Mənim yazdığım inşaları ədəbiyyat müəllimləri bütün siniflərə nümunə göstərərdi. Şeirlər də yazırdım, amma gizlədirdim, utanırdım. Uşaqlar balaca idi, onlara məzəli şeirlər yazırdım, onlar da əzbər bilirdi. Ədəbiyyata ciddi addımlarım isə 2001-ci ildən başlayıb. Yerli mətbu orqanımız olan “Söz” jurnalında mütəmadi olaraq şeir və publisistik yazılarım dərc olunub. Və beləcə başladı o böyük, çətin, əziyyətli yol...
Gözümü açıb gördüyüm kitablar, böyüklərimin kitab, ədəbiyyat sevgisi şeirə olan marağımın lokomotivi olub deyə bilərəm. 75 yaşlı anam indi də əzbərdən nə qədər istəsən şeir bilir. Bu sevdanın əsas qaynağı isə atam olub, onun xüsusi tilavətlə Racidən, Füzülidən, Nəsimidən, Seyyid Əzimdən, Əliaga Vahiddən dediyi qəzəllər bu gün də yaddaşımın dərin qatlarında yaşayır. Atam da, onun atası - mənim bir yaşımda dünyasını dəyişən həkim babam doktor Səfərəliyev də yazardı. Məndə hər ikisinin sandıq şeirləri, əlyazmaları var. Yəni genetik koda inansaq, onlardan almışam demək olar.
- Şeir və ədəbiyyat bu gün hansı vəziyyətdədir? Fikrinizcə, bu sahədə hansı dəyişikliklər baş verməlidir?
- Müasir dövrdə şeir və ədəbiyyat cəmiyyətin mədəni həyatında mühüm rol oynamağa davam edir. Texnologiyanın sürətli inkişafı və qloballaşma prosesləri ədəbiyyatın həm məzmununda, həm də təqdimatında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Müasir ədəbiyyatda ənənəvi mövzularla yanaşı aktual məsələlər də əks olunur. Bu, ədəbiyyatın cəmiyyətin dəyişən dəyərlərinə uyğunlaşdığını göstərir.
Elektron kitablar, audiokitablar və onlayn nəşrlər ədəbiyyatın daha geniş auditoriyaya çatmasına imkan yaradır. Sosial media vasitəsilə yazarlar oxucularla birbaşa əlaqə quraraq, əsərlərini tanıda bilirlər. Ədəbiyyatda klassik ənənələrə sadiq qalanlarla yanaşı, yeni üslub və formalarla eksperiment aparan yazarlar da mövcuddur. Bu, ədəbi mühitin zənginliyini və müxtəlifliyini təmin edir.
Gənc nəsildə ədəbiyyata marağı artırmaq üçün məktəblərdə və universitetlərdə müasir ədəbiyyatın tədrisinə, yazarlarla tələbələrin mütəmadi görüşlərinə daha çox yer verilməlidir. Eyni zamanda, kitab sərgiləri, ədəbi festivallar və müzakirələr vasitəsilə ədəbiyyatın cəmiyyətdəki rolu gücləndirilməlidir.
Yazarların dəstəklənməsi də prioritet məsələ hesab oluna bilər. Yeni yazarların üzə çıxması və inkişafı üçün dövlət və özəl sektor tərəfindən qrantlar, mükafatlar və nəşr imkanları təmin edilməlidir. Bu, ədəbi mühitin dinamikliyini qorumağa kömək edər. Ədəbiyyatın dijital platformalarda daha geniş yayılması üçün nəşriyyatlar və yazarlar texnologiyanın imkanlarından səmərəli istifadə etməlidirlər. Bu, xüsusilə gənc oxucuların ədəbiyyata marağını artırmaq üçün vacibdir.
Ədəbiyyat cəmiyyətin problemlərini əks etdirməli və ictimai şüurun formalaşmasında aktiv rol oynamalıdır. Bu məqsədlə yazarlar sosial məsələlərə daha çox diqqət yetirməli və əsərlərində bu mövzuları işləməlidirlər. Bir də qərəzsiz senzuranın olmasına da ehtiyac var - qələmin və sözün azadlığını prinsip götürüb necə gəldi yazanlar da var və sonucda böyük bir makulatura ədəbiyyatı yaranıb. Və bu xaosun içində gözəl şeylər tapmaq müşkülə çevrilib. Necə, məsələn, alaq basmış sahədə bir nanə və ya kəklikotu axtararsan, bax, o cür...
Nəticə etibarilə, şeir və ədəbiyyatın inkişafı üçün ənənə və novatorluğun balansını qorumaq, texnologiyanın imkanlarından yararlanmaq və cəmiyyətlə sıx əlaqədə olmaq vacibdir. Bu istiqamətdə atılacaq addımlar ədəbiyyatın cəmiyyətdəki rolunu daha da gücləndirəcəkdir.
- Hər hansı bir yeni kitab, layihə üzərində çalışırsınızsa, bu barədə bizi məlumatlandıra bilərsiniz? Neçə kitabınız var?
- İndiyə kimi şeir və qəzəllərdən ibarət iki kitabım çap olunub. Daha çox ola bilərdi, amma əsas olan keyfiyyətdir, sanıram. Planımda bir neçə layihə və təbii ki, sonradan kitaba çevrilə biləcək yazı nümunələri var. Haqqında danışmağı hələ məqbul hesab etmirəm.
- Yaradıcılığınızda hansı mövzulara daha çox diqqət yetirirsiniz?
- Yaradıcılığımda həm heca, həm də klassik ədəbiyyat nümunəsi olan əruz vəzni nümunələri üstünlük təşkil edir. Şeirin bütün formalarında rahatam, amma qəzəl daha doğmadır nədənsə. Qəzəllərim və klassiklərin bir neçəsinə - Nəsimiyə, Seyyid Əzimə, Vahidə, Raciyə yazdığım təxmislərim var. Heca şeirlərimin mövzuları rəngarəngdir - vətən, vətənpərvərlik, şəhid mövzusu və əlbəttə ki, bütün zamanlar üçün aktual olan sevgi şeirləri. Ruhum nəyi diqtə edib, onu da yazmışam. Amma nə yazmışamsa, çalışmışam içində ictimai yük olsun, yəni bu gün üçün yox, gələcək nəsillərə də faydalı olsun. İndi nə qədər bacarmışam, onu da Əlahəzrət zaman deyəcək...
- Gənc şairlərə hansı məsləhətləri verərdiniz?
- Son zamanlar gənc qələm sahiblərinin sayı artıb və aralarında yetəri qədər sağlam yazanları var. Bu, sevindirici haldır. Yazsınlar, əgər ki, yazmaq ruhun ehtiyacından irəli gəlirsə, bunun qarşısını almaq mümkün deyil, həm də günahdır. Bu belə.
Xoş olmayan isə bəzi gənc şairlərdə ifrat təkəbbür və ucuz şöhrətə meyillilik hallarıdır. Bir də görürsən ki, gənc şairin biri durub klassiklərə söz atır, həm də çox pis şəkildə. Sən kimisə bəyənməyə bilərsən, bu normaldır, amma onu bu şəkildə tənqid etmək üçün hələ çox gəncsən. Öncə sözün o tənqid etdiyin kəsin sözünə çatmalıdır, yəni sən nə qoymusan ortaya, ona baxaq. Düşünürəm ki, bəzi gənc yazarlar belə ucuz məşhurluq dalınca qaçmaqdansa o potensialı qələmə sərf etsələr daha münasib olar. Bundan isə hamı qazanar - özləri də, ədəbiyyat da...
- Yaşadığınız Lənkəranda sakinlərin şeirə, ədəbiyyata, kitaba marağı necədir?
- Lənkəran Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir və bu, orta əsrlərdən etibarən qüvvəsində qalır. Bu bölgədə yazıb-yaratmış alimlər və şairlər zəngin ədəbi irs qoyublar. Məsələn, Şah İsmayıl Xətainin ulu babası Şeyx Səfiəddin elm öyrənmək üçün Lənkərana gəlmiş və irfani fikirlərini şeirlə ifadə etmişdir.
Lənkəranda ədəbi mühit XIX əsrin ikinci yarısından etibarən daha da canlanmış və şəhərdə “Fövcül-füsəha” adlı şairlər məclisi təşkil olunmuşdur. Bu məclis yerli şairləri ətrafına toplamış və ciddi fəaliyyət göstərmişdir. Əslən Qarabağdan olan Mir Möhsün Nəvvab və Mirzə İsmayıl Qasir kimi tanınmış qələm sahibləri də “Fövcül-füsəha”nın təşkilində və inkişafında rol oynamışlar.
Sovet dövründə də Lənkəran ədəbi mühiti zəngin Azərbaycan ədəbiyyatına mühüm töhfələr vermişdir. Burda yazıb-yaradan şairlər - Vaqif Hüseynov, Şəkər Aslan, İltifat Saleh, Mirhaşım Talışlı, Camal Yusifzadə, Həbib Səfərov və digər ədəbiyyat xadimlərinin əsərlər milli mədəniyyətimizin ayrılmaz hissəsidir. Bu mühitdə, belə bir ədəbi fonda yaşayan insanlar necə ədəbiyyata, şeirə, sözə bağlı olmaz? Son illərdə də biz bunun şahidi olmuşuq. Mütəmadi keçirilən kitab sərgilərində, AYB Lənkəran Bölməsi və Regional mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə ərsəyə gələn kitab təqdimatlarında, əsər müzakirələrində oxucuların fəallığını yerli ziyalılar da təsdiq edə bilər. Sevindirici haldır ki, burda kitaba olan maraq öz gücünü itirməyib
- Sizdən başqa ailədə yaradıcı ruhda olan şəxs varmı?
- Yazmaq həvəsi, bacarığı, təvazökarlıqdan bir az uzaq düşsə də, istedad deyilən o nəsnə mənə atamdan miras qalıb. Mən də oğluma bir az ötürmüşəm. Böyük oğlum Kərim həm ssenarist kimi fəaliyyət göstərir, həm də şifahi xalq ədəbiyyatının bir qolu olan bədiyyə sənətində tanınır. Arada şeirdə, ən çox da əruz vəznində özünü ifadə edir, nə gizlədim, məndən də yaxşı yazır. Bir dəfə, lap o günlərdə oxudum ki, əgər bir adam istedadlıdırsa, bu, genetik kodla onun qızına, qızının da oğluna ötürülə bilər. Yəni bu elmi tədqiqata inansaq burda o bir adam mənim atam olur... Oğlum isə üzünü heç vaxt görmədiyi babasının genetik kodunu daşıyır...
- İndiki şairlərə nə demək istərdiniz?
- Yaradıcılıq yolunda uğur qazanmaq və inkişaf etmək məqsədilə bu məsləhətləri də nəzərə almaq faydalı ola bilər. Müxtəlif üslub və janrlarla tanış olmaq üçün klassik və müasir şairlərin əsərlərini oxuyun. Bu, öz üslubunuzu formalaşdırmağa və yaradıcılığınızı zənginləşdirməyə kömək edəcək.
Yazmaq bacarığınızı inkişaf etdirmək üçün müntəzəm olaraq şeirlər yazın. Bu sizin yaradıcılıq prosesinizi gücləndirəcək. Tənqid və rəylərə açıq olmaq lazımdır, şeirlərinizi etibar etdiyiniz insanlarla paylaşın və onların fikirlərini dinləyin. Konstruktiv tənqidlər əsasında qələminizi təkmilləşdirə bilərsiniz.
Müxtəlif poeziya gecələri, seminarlar və müsabiqələrə qatılaraq həm təcrübə qazanmaq, həm də digər şairlərlə tanış olmaq imkanı əldə edin. Bu, fəaliyyətinizin inkişafına təkan verə bilər. Yaradıcılığınızı geniş auditoriya ilə paylaşmaq üçün sosial platformalardan istifadə edin. Bu, əsərlərinizin tanınmasına və oxucu kütləsinin artmasına kömək edəcək.
Başqa şairlərdən ilham alsanız da, öz üslubunuz olsun. Bu, yaradıcılığınızın orijinallığını təmin edəcək. Həmkarlarınızla təcrübə mübadiləsi aparın və ədəbi mühitdə fəal olun. Şeirlərinizi müxtəlif ədəbi müsabiqələrə təqdim edərək yaradıcılığınızı sınayın və tanıdın. Bu, həm də özünüzü inkişaf etdirmək üçün stimul olacaq. Unutmayın ki, yaradıcılıq prosesi zaman və səbir tələb edir. Qarşılaşdığınız çətinliklərə baxmayaraq, məqsədlərinizə doğru irəliləməyə davam edin. Çünki ədəbiyyatın gələcəyi sizin üzərinizə düşən missiyalardan biridir.
Nəzrin Vahid