top
Güləşçilərimizin gizli silahına çevrilən azərbaycanlının MÜSAHİBƏSİ
Bu gün, 17:23
- +

Güləşçilərimizin gizli silahına çevrilən azərbaycanlının MÜSAHİBƏSİ

Bu yaxınlarda Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən güləş üzrə Avropa çempionatında tribunada bir xüsusilə fəal azarkeşi görməmək mümkün deyildi. Əlində bayraq, səsi isə demək olar ki, tutulmuşdu – o, bir neçə gün ərzində idmançılara fasiləsiz şəkildə həm enerjisi, həm də gur səsi ilə dəstək olurdu.

Bu, Bəxtiyar Əliyevdir. O, özünü peşəkar azarkeş adlandırır. Güləşi uzun illərdir izləyir, uşaq vaxtı isə həvəskar səviyyədə bu idman növü ilə məşğul olub. 2015-ci ildən etibarən şəxsi vəsaiti hesabına yığma komanda ilə birlikdə xaricdə keçirilən yarışlara gedir. Artıq o, sadəcə izləyici deyil, komandaya daxil olan və öz strategiyası olan bir azarkeşdir.

51 yaşlı kişi Lerik rayonunun Ərdəbilə kəndindəndir. İdman sevgisi onda hələ uşaqlıq illərindən formalaşıb. O, eyni zamanda futbol azarkeşidir və sevimli komandası "Neftçi" FK-dir.

Güləşə xüsusi münasibəti var. Onun fikrincə, bu idman növü milli kimliyimizin bir hissəsidir və ölkəyə daim uğurlar qazandırır. Onun üçün azarkeşlik həm hobbi, həm də gündəlik qayğılardan uzaqlaşıb müxtəlif ölkələri görmək imkanıdır. Yarışlara isə 2-3 gün əvvəl hazırlaşır:

"İdmançılar yarışa necə hazırlaşırsa, mənim də öz rituallarım var", - deyə o, idman.biz-ə bildirib.

Onun "peşəkar azarkeş dəsti"ndə tez-tez təsbeh, "aerodrom" papaq və əvvəlcədən ütülənmiş bayraq olur:

"Bəzən əlimdə armudu stəkanla kadra düşürəm. Elə olur ki, milli komandanın formasında gəlirəm. Peşəkaram, necə azarkeşlik etməyi bilirəm: hansı şüarları nə vaxt səsləndirmək, hakimlərə necə təsir etmək, hansı sektorda oturmaq lazım olduğunu bilirəm. İdmançılarımızın hansı ardıcıllıqla çıxış etdiyini də izləyirəm. Telefonumda həmişə musiqi olur - lazım gəlsə, rəqs də edə bilərəm".

İllər ərzində o, güləşçilərlə həm sevinc, həm də kədər dolu anlar yaşayıb. Lakin daha çox qələbə sevincini bölüşüb:

"Mənim ayağım "uğurludur". İştirak etdiyim yarışların 90 faizində idmançılarımız uğur qazanırlar".

Onun üçün ən qürurverici an Azərbaycan himninin səslənməsi və idmançılarımızın fəxri kürsünün ən yüksək pilləsinə qalxmasıdır. Gümüş medallar isə onun üçün daha ağır keçir:

"İkinci yer olanda zalda olmamağa çalışıram. Özümü pis hiss edirəm, xüsusilə idmançıların göz yaşlarını görəndə".

Ən unudulmaz xatirələrindən biri 2015-ci ildə Tehran şəhərində keçirilən yunan-Roma güləşi üzrə Dünya Kuboku ilə bağlıdır. Bu, onun ilk belə səfəri idi. Həmin turnirdə Azərbaycan millisi finalda Rusiyanı məğlub edərək çempion olmuşdu:

"Arenada minlərlə iranlı azarkeşin qarşısında təkcə mən Azərbaycan bayrağı ilə dayanmışdım. Qrup mərhələsində İranı 6:2 hesabı ilə məğlub etdik. Bu, sanki futbolda Braziliyanı "Marakana" stadionunda məğlub etmək kimiydi. Deyilənə görə, İran prezidenti finala gəlməyi planlaşdırırdı, lakin komandanın məğlubiyyətindən sonra gəlmədi".

O, xüsusilə İslam Abbasov ilə David Çakvetadze arasında keçirilən həlledici görüşü xatırlayır:

"Rəqib 4:2 öndə idi, İslamı havaya qaldırmışdı. Mən gözlərimi yumub dua etdim. Açanda gördüm ki, artıq rəqibini kürəyə qoyub. İnanılmaz an idi".

Onun sözlərinə görə, həmin vaxt Həsən Əliyev belə ondan bayrağı istəyib və komanda həmin bayraqla qələbəni qeyd edib. Bu turnirdən sonra Bəxtiyar Əliyev demək olar ki, heç bir beynəlxalq yarışı buraxmır.

O, güləş tarixini də yaxşı bilir. 1996-cı il Olimpiadasında Namiq Abdullayevin Valentin Yordanova məğlub olduğu finalı belə xatırlayır:

"O vaxt onun əlindən "qızıl" alındı, bu məni çox sarsıtdı".

2000-ci ildə isə Abdullayevin Olimpiya çempionu olmasını böyük sevinc hissi ilə xatırlayır.

2004-cü ildə Fərid Mansurovun qələbəsini də belə yada salır:

"Bakı metrosunun "Xalqlar dostluğu" stansiyası yaxınlığında gəzirdim, insanların bir-birini təbrik etdiyini eşitdim. Evə tələsib video yazısını izlədim, dəfələrlə baxdım".

Onun yaddaşında Eldəniz Əzizlinin Macarıstanda keçirilən dünya çempionatında cəmi 56 saniyəyə 10 xal qazanaraq qızıl medal əldə etməsi də xüsusi yer tutur:

"Futbolçulardan forma istəyirlər, mən isə güləşçilərdən mükafatlandırma mərasimində verilən oyuncaqları xahiş edirəm. Bir dəfə Eldəniz Əzizli onu mənə vermədi, dedi ki, qızına aparacaq. Amma sonra söz verdi ki, növbəti dəfə hədiyyə edəcək. Mən özüm də onları ala bilərəm, amma belə idmançıların əlindən almaq tamam başqa hissdir".

Bəxtiyar Əliyev bu oyuncaqları kolleksiya edir və onları yarışların xatirəsi kimi evində ən görünən yerdə saxlayır.

Bəxtiyar Əliyevin güləşçilərlə şəxsi münasibətləri də var. İlk dəfə Macarıstanda keçirilən dünya çempionatında Cəbrayıl Həsənov ilə tanış olub və o vaxtdan aralarında yaxşı münasibət yaranıb:

"Restorana daxil oldum, Azərbaycan dilində danışıq eşitdim. Bu, Cəbrayıl Həsənov idi. Yaxınlaşdım, tanış olduq, şəkil çəkdirdik. Onunla çox yaxşı münasibətimiz var. O, mənim kumirimdir, hesab edirəm ki, Azərbaycan tarixinin ən yaxşı güləşçisi olaraq qalır".

Bu gün Bəxtiyar Əliyev artıq özünü komandanın bir hissəsi kimi hiss edir. İdmançılar onu tanıyır, bəzən məsləhətləşir, o isə fikirlərini açıq şəkildə bildirir:

"Bəzən soruşuram: niyə uduzdun? Niyə dörd dəfə xalça kənarına çıxdın?"

Tiranadakı son Avropa çempionatında o, bəzi idmançılarımızın "uşaq səhvləri" etdiyini qeyd etsə də, maraqlı görüşlərin də çox olduğunu vurğulayıb. Xüsusilə Jalə Əliyevanın bürünc medal uğrunda görüşünü qeyd edib. Həmçinin, o, İslam Bazarqanova qələbədən sonra Azərbaycan bayrağını öpdüyünə görə təşəkkür edib.

O, idmana olan sevgisini ailəsinə də aşılayır və yarışlara həyat yoldaşı və övladları ilə birlikdə gedir:

"İstəyirəm ki, gələcək nəvəm ağır çəkidə güləşçi olsun. Bu bizim zəif kateqoriyamızdır. Onun Olimpiya çempionu olması üçün əlimdən gələni edəcəyəm".

Əliyevin sözlərinə görə, onun ətrafındakı insanlar da idmana biganə deyil:

"Dost seçəndə iki əsas meyarım var: siqaret çəkməsinlər və idmana maraqları olsun".

Tribunada o, təkcə yerli deyil, xarici azarkeşləri də ruhlandırır. Bəzən onlar da Azərbaycanı dəstəkləməyə başlayırlar:

"Bir çoxları bizim tərəfə keçir, bayrağımızı tutur. Bəzən əvvəlcədən razılaşırıq ki, bir-birimizi dəstəkləyək. Elə olur ki, kimlərsə mənim köməyimdən istifadə edir, amma öz öhdəliklərini yerinə yetirmir, lakin bu da bir təcrübədir".

Onun fikrincə, Azərbaycan azarkeşləri güləşə olan coşqu baxımından iranlı azarkeşlərdən çox şey öyrənə bilər. O hesab edir ki, ölkəmizdə yarışlara marağı artırmaq üçün şou proqramlar, uduşlar, reklam və ailə sektorları təşkil edilməlidir.

Gələcəklə bağlı isə o, xüsusi planlar qurmur: payızda yenə də güləş üzrə dünya çempionatında milli komandamızın yanında olacaq və sonadək dəstəyini əsirgəməyəcək.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:28

Biləsuvarın Ağayrı kəndində daxili yollar təmir olunacaq

Bütün xəbərlər
Bu gün, 15:29

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 14:27

WUF13 çərçivəsində Lənkəran şəhərində festival başlayıb

Bütün xəbərlər
Bu gün, 13:51

Yardımlıda gənc qızın meyiti tapıldı

Bütün xəbərlər
Bu gün, 12:48

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 11:50

DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb

Kriminal
Bu gün, 10:54

Sabirabadda uşağın ölümündə müqəssir bilinən həkimlə bağlı qərar ləğv edildi

Bütün xəbərlər
Bu gün, 09:15

Biləsuvarda işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 17:17

Sabah bəzi rayonlarda yağış və dolu gözlənilir

İqtisadiyyat
Dünən, 16:20

Lənkəranda WUF13 Festivalı keçiriləcək

Bütün xəbərlər
Dünən, 15:23

Sabirabadda Kür həyəcanı - Suyun təzyiqi ilk bəndi dağıtdı

Bütün xəbərlər
Dünən, 14:28

Biləsuvarda at əti satışının qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 13:30

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Bütün xəbərlər
Dünən, 12:34

Külli miqdarda narkotiki Azərbaycana keçirmək istədilər

Bütün xəbərlər
Dünən, 11:42

Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini TƏYİN OLUNDU

Bütün xəbərlər
Dünən, 10:31

Lənkəranın iki kəndində qaz kəsiləcək

Bütün xəbərlər
Dünən, 09:29

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
30 aprel 2026, 17:18

Vətən müharibəsi şəhidimizin xatirəsi anılır

Cəmiyyət
30 aprel 2026, 16:04

Uşaqların I sinfə qəbulu prosesi başlayır

Siyasət
30 aprel 2026, 15:05

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
30 aprel 2026, 14:02

DİN qanunsuz silah-sursatın könüllü təhvil verilməsi ilə bağlı çağırış edib

Bütün xəbərlər
30 aprel 2026, 13:02

Sabah hava necə olacaq?

İdman
30 aprel 2026, 12:01

"Kolambus Kryu" rəqibinə şans vermədi: Nəriman Axundzadə növbəti sınağına çıxdı

Oxşar xəbərlər