Ədliyyə naziri Fikrət Məmmədov Cəlilabad rayonunda Cəlilabad, Biləsuvar, Cəbrayıl və digər rayonlardan olan vətəndaşları qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində verir.
Qəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərə dair aidiyyəti tapşırıqlar verilib. Bu zaman Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb.
Səfər çərçivəsində nazir bölgədə fəaliyyət göstərən ədliyyə orqanlarına və məhkəmələrə baş çəkərək iş şəraiti ilə tanış olub, fəaliyyətin səmərəli təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Bölgəyə səfər zamanı nazir, həmçinin Lənkəran şəhərində inşası başa çatmaqda olan müasir penitensiar kompleksə baş çəkərək görülən işlərlə tanış olub, müvafiq tapşırıqlar verib.