Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Qadir Heydərovun adını daşıyan küçənin açılışı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində verir.
Açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Qadir Heydərov 11 may 1998-ci ildə Cəlilabad rayonunun Əsədli kəndində anadan olub. O, 2016-cı ilin oktyabr ayında Cəlilabad rayonundan hərbi xidmətə yollanıb və 2018-ci ildə xidməti başa vuraraq evə qayıdıb. İkinci Qarabağ müharibəsi zamanı Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətlərində gedən qızğın döyüşlərdə fəal iştirak edib. 29 oktyabr 2020-ci ildə Qubadlının adsız yüksəkliklərində Vətəni uğrunda şəhid olub.
Ölümündən sonra "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı, "Qubadlının azad olunmasına görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı və “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.