top
“Bilet əvəzinə konfet kağızı verirdik” – Sumqayıt teatrının BAŞ REJİSSORU ilə MÜSAHİBƏ
11 dekabr 2024, 02:50
- ↺ +

“Bilet əvəzinə konfet kağızı verirdik” – Sumqayıt teatrının BAŞ REJİSSORU ilə MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayit24.az-ın bugünkü müsahibi Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovdur.

Onunla müsahibəni təqdim edirik:

– Firudin bəy, öncə özünüzü təqdim edin.

– 1959-cu il mayın 10-da Lerik rayonunda anadan olmuşam. 1966-cı ildə Sumqayıt şəhərində 8 illik məktəbə getdim. 1978-ci ildə Sumqayıt şəhərindəki xalq teatrı dərnəyində aktyor və rejissor kimi fəaliyyətə başladım. 1987-ci ildən bu günə kimi Sumqayıt teatrının səhnəsində 30-dan çox əsərə quruluş vermişəm.

– 38 ilinizi Sumqayıt teatrına vermisiniz. Maraqlıdır, bu sahəyə neçə gəlmisiniz? Uşaqlıq arzunuz idi?

– Bəli, 38 ildir Sumqayıt Dövlət Dram Teatrında işləyirəm. Bu müddətin 10 ilini quruluşçu rejissor kimi çalışmışam. Təxminən 28 ildir ki, teatrın baş rejissoruyam. Bu sahəni seçməyim isə uşaqlıqda böyüdüyüm mühitlə əlaqəlidir. Çünki insanı olduğu mühit formalaşdırır. Mənim uşaqlıq illərim Sumqayıt teatrının yaranmasına təsadüf edir. Elə gözümü açıb, incəsənət, teatr görmüşəm. Bundan da əvvəl Sumqayıtda çoxlu xalq teatrları olub. Ora tez-tez gedirdik.  Tamaşadan sonra məhəllədə uşaq ağlımızla teatr qururduq (gülür).

Bu həvəslə incəsənət sahəsinə gəlmişəm. Sumqayıt Dram Teatrı açılanda həvəslə geyinib, bəzənib tamaşaya baxmağa gedirdik.

– Firudin bəy, məhəllədəki teatrda tamaşaçılarınız kimlər olurdu? Yəqin, məhəllə yoldaşlarınız…

– Təxminən 7-8 yaşımız olanda dram dərnəklərinə gedirdik. Böyük teatrlarda gördüklərimizi gedib xalq teatrlarında tətbiq edirdik. Məhəllə uşaqlarını binanın blokuna yığıb, tamaşaçı kimi əyləşdirirdim. Onlara bilet əvəzinə konfet kağızları paylayırdıq. İçəri girəndə onu göstərib girirdilər. Tamaşaçı kimi pilləkənlərdə oturardılar. Biz də evdən pal-paltar oğurlayıb gətirirdik. Geyinib, tamaşamızı göstərirdik. Bu sehrli aləmi, sənət dünyasını görə-görə, həvəslə incəsənətə gəlmişəm.

– Heç başqa teatra getmək arzunuz olub?

– İlk onu deyim ki, yer dəyişməyi sevmirəm. Başladığım yerə sadiq qalmağı sevirəm. Çünki orada mənim yetirmələrim var, yaratdığım işlər var. Bunları yarımçıq qoymaq istəməmişəm. Həmişə öz teatrıma bağlı olmuşam. Düzdür, dəvətlər almışam. Hətta gedib başqa teatrlarda dəvət olunmuş rejissor kimi tamaşa da səhnəyə qoymuşam. Sumqayıt mənə doğmadır, buranı tərk etmərəm.

– Bir aralar tamaşaçı qıtlığından gileylənirdiniz. İndi vəziyyət necədir? Teatra gələn varmı?

– İlk olaraq, sovet dövründə teatra gələnlərdən danışım. O zamanlar əyləncə çox olmurdu. Ona görə zal dolu olurdu, tamaşaçılarımız günlərini xoş keçirmək üçün gəlirdilər.

Sovet dağılandan sonra bir çox əyləncələr, internet, və s. yarandı. İnsanların əyləncə vasitələri çoxaldı. Bu səbəbdən teatra müəyyən mənada maraq azaldı.

Amma teatr canlı sənət növüdür, teatr heç vaxt ölə bilməz. Mümkün deyil ki, maraq azalsın. Teatrı sevənlər var, çoxdur. Gəlib tamaşanı seyr edərək mədəni istirahət edənlər var. Həm də o dövrdə zal 400 nəfərlik idi. Hər kəsin marağı var idi deyə, doldurmaq olurdu. Lakin bu gün 400 nəfərlik zalı doldurmaq çətin məsələdir. Ümumiyyətlə, Sumqayıt kimi yerdə teatr zalları 400 nəfərlik olmamalıdır. Ən çoxu 300 nəfərlik bəs edir. Ümumi mənzərədə isə tamaşaçı qıtlığı yoxdur.

– Sumqayıt Dram Teatrı tamaşaçıları özünə cəlb etmək üçün Bakıdan tanınmış aktyor və aktrisaları transfer edir?

– Bu proses əvvəllər olub. Gərək teatrın yaxşı maliyyə imkanı olsun ki, aktyor da çağıra bilsin. Başqa teatrdan aktyor çağırmaq üçün ona yaxşı pul verməlisən. Biz teatrda tamaşalar oynayıb, onun pulu ilə yeni tamaşa hazırlayırıq. Tutaq ki, bir aktyoru çağırmısansa, onun status və kateqoriyasına uyğun 2-3 min manat qonorar verməlisən. Buna görə bir az çətinlik çəkirik.

Amma illərdir bizim teatrı “aktyor bazası” adlandırırlar. Çünki Bakı teatrına çox aktyor vermişik.

– Firudin bəy, bu qədər çətinliklərə rəğmən bir də bu sahəni seçərdinizmi?

– Əlbəttə. Əgər genində bu sahəyə uyğun nəsə varsa, seçimini edəcəksən. Teatr çox maraqlı, şanlı sənət növüdür. Düşünürəm ki, yenə şansım olsa, bir daha bu sahəni seçərdim.

– Bəs övladlarınız?

– Onların öz seçimidir. Amma dediyim kimi, bunu mühit formalaşdırır. Uşaq valideynini hər gün teatrda görürsə, özü tamaşalara gəlir, məşqlərdə olursa, təbii ki, marağı artacaq.

Mənim böyük qızım Türkiyədə televiziya rejissorluğunu bitirib. İndi də magistr dərəcəsi üzrə təhsil alır. Balaca qızım hələ fikirləşir, amma məncə onun da marağı var. Dəstəkləyirəm onları.

– Aktyorlarla rejissor arasında qalmaqal olurmu? Rejissorlar eyni aktyorlarla işləyirlər?

– Qalmaqal yox, amma mübahisələr olur. Hər aktyor istəyir ki, ona diqqət yetirilsin, rejissor istədiyi rolu versin. Elə aktyor var ki, özünü rolda görür, amma eləsi də var ki, uyğun olmayan rolu istəyir. Başa salanda da inciyirlər, anlamaq istəmirlər. Ən çox bu səbəbdən qalmaqal olur.

Eyni aktyorla işləmək rejissor üçün çox asandır. Çünki aktyoruna bələddir. Amma bu davamlı olaraq belə deyil. Bu deyimi yayanlar da istedad cəhətdən kasıb olduqları üçün danışırlar. İstedadlı aktyor o qədər də çox deyil axı. 10-15 nəfər yaxşı istedadlı aktyor var.

– 38 il ərzində qarşılaşdığınız ən çətin an hansı olub? Həmin çətinliyə görə bu sahədən getmək istəmisiniz?

– Şübhəsiz ki, indi çətin anlarımı xatırlamıram. Sənətdir, əlbəttə, çətin anlar çox olur. Bir də görürsən ki, vaxt az qalıb, müəyyən səbəblərə görə məşq çox etməmisən. Tam hazır deyilsən. Bax, bu mənzərə mənə görə çox çətindir. Çünki 2-3 günə 10-15 günün işini etməlisən. Yuxusuz gecələr olur. Amma bu çətinliyin içində bir həzz var.

– Teatr, sənət adamlarının narazı olduqları məsələ maaşlarla bağlıdır. Sizin bu barədə fikriniz nədir? Sirr deyilsə, aktyorlarınız nə qədər maaş alırlar?

– Maaş tək bizim yox, hamının yaralı yeridir. Teatrda maaşlar çox azdır. 55 yaşlı teatr (söhbət Sumqayıt teatrından gedir - red.) ikinci kateqoriyadadır. Yəni, ikinci dərəcəli statusa sahibdir. Amma Bakı teatrları ali sayılır. Bizim aktyorlardan çox maaş alırlar. Bakının iki addımlığında olsaq da, özümüzü əyalət teatrı saymasaq da, ciddi problem yaşayanda əyalət teatrı olduğumuzu hiss edirik. Bizə qarşı olan münasibət ucqar yerlərdə fəaliyyət göstərən teatrlarla eyni səviyyədə olur.

Nazirlikdən bizə söz verilib ki, teatrımızın status məsələsi həll olunacaq. 2025-ci ilin yanvar ayından birinci dərəcəli teatr statusu alacağımız deyilib. Gözləyirik. Maaşım da sirr deyil. Ən yuxarı maaşı mən və teatrın direktoru alır. Məvacibim 528 manatdır.

– Sumqayıt Dram Teatrında nə kimi çatışmazlıqlar var? Orada nədən narazısınız?

– Bütün sahələrdə çatışmazlıq var. Eləcə də Sumqayıt Dram Teatrında. Bu çatışmazlıqlar müəyyən qanunlarla bağlıdır. Çünki keçmişdən qalan qanunlardır. Bunlar yenilənməlidir. Dəyişdirilməlidir.

Bir də müəyyən aktyorlar var ki,  istedadı yoxdur. Sadəcə təsadüf nəticəsində gəlib teatra düşüblər. Bax, bu adamlar teatra yük olurlar. Çünki onları düzəltmək qeyri-mümkündür. Deyilənə görə, düzələcək. Gözləyirik.

 

 Fidan İlqar 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
09 noyabr 2026, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
09 noyabr 2026, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
09 noyabr 2026, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
09 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Oxşar xəbərlər