Astarada kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər diqqət mərkəzində saxlanılır. Bu məqsədlə rayonda fəaliyyət göstərən fermer təsərrüfatlarında və sahibkarlıq subyektlərində mövcud vəziyyət öyrənilib, görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Astara Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Prezident Administrasiyasının sektor müdiri və digər rəsmilər "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində rayonda görülən işlərlə yerində tanış olmaq məqsədilə fermer təsərrüfatlarına və sahibkarlıq subyektlərinə baxış keçiriblər.
Dövlət Proqramının qəbul edilməsindən ötən müddət ərzində "Astara FİSH" MMC tərəfindən ümumi sahəsi 198 kvadratmetr olan 22 balıqartırma hovuzu tikilib, 3146 ədəd 100–110 qramlıq nərə cinsli balıq körpəsi alınıb.
Həmçinin "Beluga Astara" MMC tərəfindən ümumi sahəsi 1100 kvadratmetr olan 18 balıqartırma hovuzu inşa edilib.
"İMANNA" MMC tərəfindən isə əkinə hazır vəziyyətə gətirilmiş 50 hektar yeni intensiv sitrus bağının 23 hektarında 15 min naringi tingi əkilib. Bağın qalan hissəsində əkin işlərinin aparılması üçün tinglər sifariş verilib.
Görüşlərdə bildirilib ki, rayonda kənd təsərrüfatının inkişafı üçün əsas prioritetlər müəyyən edilib. Müasir texnologiyalardan və innovativ üsullardan istifadə etməklə istehsal və emal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmək mümkündür. Bu hədəflərə çatmaq üçün fermer və sahibkarlara hərtərəfli dəstək göstərilir.
Fermer və sahibkarlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirərək, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi və bu sahənin daha da inkişafı üçün bütün imkanlarını səfərbər edəcəklərini vurğulayıblar.
Mənbə: AZERTAC