Xandadaş Kazım oğlu Mədətov 14 mart 1925-ci ildə Astara rayonunun Qum kəndində (indiki Astara şəhəri) anadan olub [1].
Xandadaş Mədətov 1942-ci ildə könüllü olaraq, Böyük Vətən müharibəsinə yollanıb. O, müharibə zamanı 416-cı Taqanroq diviziyasında kəşfiyyatçı olub [2]. Həmin müharibədə Xandadaş 3 dəfə ağır yaralanıb [4].
Mədətov 1946-1958-ci illərdə “Dinamo” idman cəmiyyyətində məşqçi Əfqan Səfərovun rəhbərliyi altında atletika bölməsində məşğul olurdu [1,4].
İdmançı 1949-cu ildə Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən ikinci Ümumdünya Gənclər və Tələbələr Festivalında SSRİ yığma komandasının tərkibində uzununa tullanma növü üzrə üçüncü yerə çıxmışdır [1,2]. Həmçinin həmin il o, yüngül atletikanın uzununa tullanma növü üzrə SSRİ idman ustası olub [1].
Dövlət Bədən Tərbiyəsi İnstitutunun məzunu olan Xandadaş Mədətov Kiyev şəhərində keçirilən uzununa tullanma yarışında SSRİ çempionatında birinci yerə layiq görülərək, SSRİ rekordunu (7 m 50 sm) təzələmişdi [1,4].
Azərbaycan idmançıları ilk dəfə SSRİ yığma komandasının tərkibində 1952-ci ildə Finlandiyanın Helsinki şəhərində keçirilmiş XV Yay Olimpiya Oyunlarında iştirak ediblər. Bu oyunlarda Azərbaycanın 5 idmançısından biri Xandadaş Mədətov idi. Lakin medal qazanmağa namizəd olan Xandadaş zədələndiyinə görə yarışlarda çıxış edə bilməyib [3].
İdmançı 1959-cu ildən ömrünün sonuna kimi Bədən Tərbiyəsi İnstitutunun yüngül atletika kafedrasında baş müəllim kimi çalışıb.
Xandadaş Mədətov 13 iyul 1987-ci ildə Astara şəhərində vəfat edib.
1991-ci ildən başlayaraq hər il onun xatirəsinə həsr olunmuş Respublika yüngül atletika yarışları keçirilir. Hazırda Astara şəhərinin küçələrindən biri Xandadaş Mədətovun adını daşıyır [2].
Ədəbiyyat: