Füsunkar təbiətə və gözəlliyə malik olan Lənkəran rayonunda turistlərin diqqətini ən çox cəlb edən məkanlardan biri də “Göygölün kiçik bacı”sı adlandırılan Xanbulançay dəryaçasıdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təbiətinin incilərindən olan və ilin bütün fəsillərində göz oxşayan mənzərəsi ilə insanları valeh edən Xanbulançay Talış dağlarının ətəyində, Lənkəran şəhər mərkəzindən 25 kilometr cənub-qərbdə yerləşir. Xanbulan gölü ilə yanaşı, onu əhatə edən nadir və endem ağaclar da dünyada məşhurdur. Xüsusilə burada bitən dəmirağacı, Hirkan şümşadı, palıd və şabalıd Lənkəran təbiətinin inciləri sayılır.
Xanbulançayda təbiətsevərlər üçün ideal yürüş marşrutları mövcuddur. Turistlər 2023-cü ildə yaradılmış 2,5 kilometrlik “Dəmirağac” marşrutu ilə hərəkət edərək Xanbulan gölünün füsunkar gözəlliklərini, o cümlədən endem və relikt ağacları müşahidə edə bilirlər. Təmiz havanın və gözəl mənzərənin olduğu Xanbulan dincəlmək üçün mükəmməl məkan hesab edilir.
Turist Məhəmməd Kazıbekov isə hər il istirahət üçün İsmayıllı rayonundan bura gəldiyini bildirir. “Ailəmizlə hər il Xanbulana gəlirik. Lənkəranın təbiətini, həmçinin mətbəxini, xüsusilə də ləvəngini və balıq yeməklərini çox sevirik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Xanbulançay dəryaçasında Lənkəranın əsas su ehtiyatı toplanır. Su anbarı 1976-cı ildə istismara verilib.