Azərbaycanda kənd təsərrüfatında innovativ yanaşmalar genişlənir. Artıq qaragilə, dekapon, kinkan, quayava və payız zeytunu kimi meyvələrin becərilməsinə başlanılıb.
Cenublu.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi 2025-ci ildən etibarən intensiv mavigilə (qaragilə) bağlarının salınmasına dövlət dəstəyi verəcəyini açıqlayıb. Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı, Lənkəran-Astara və Quba-Xaçmaz iqtisadi rayonlarında hər hektar üçün 15 min manat birdəfəlik subsidiya ayrılacaq.
Şərtlərə görə, sahəyə azı 3.400 ting əkilməli və damcı suvarma sistemi qurulmalıdır.
Eyni zamanda, Lənkəran və Astarada dekapon və kinkan, Masallıda berqamot, Balakəndə yapon iydəsi, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində isə quayava becərilir. İqlimə davamlı pomidor və lavanda sortları da fermerlərin marağına səbəb olub.