Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbulu Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Maşxan kəndində keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 oktyabr tarixində verir.
Qəbulda sakinlər kənddə elektrik xətt təsərrüfatının yenilənməsinə və yeni transformatorun qoyulmasına, qazlaşmamış evlərə qaz xəttinin çəkilməsinə, qaz sayğaclarının quraşdırılmasına, qaz borularının yenilənməsinə, məhəllə yolunun asfaltlaşdırılmasına, Maşxan kənd tam orta məktəbi binasının əsaslı təmir edilməsinə, əkin sahələrinə gedən yolun açılmasına, özünüməşğulluq proqramı ilə mal-qaranın verilməsinə köməklik göstərilməsini xahiş ediblər. Bütün qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, görüşdə icra başçısı ilə bərabər, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.