Lənkəranın ən böyük kəndlərindən biri olan Boladinin sakinlərinin illərdir ki, su problemi həll olunmayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 avqust tarixində Apa.az-a istinadən verir.
Kənddə içməli su sistemi olmadığından, sakinlər həyətlərində quyu və ya artezian qazmağa məcbur olurlar. Quyulardan çıxan su da şor su olur. Bu səbəbdən də, 10 minə yaxın əhalisi olan Boladi kəndinin sakinləri içməli suyu maşınlardan pul ilə alırlar.
Məsələ ilə bağlı Boladi kənd icra nümayəndəsi Nizami Hüseynov bildirib ki, Boladi kəndinin əksər hissəsində suların duzluluğu normadan dəfələrlə çox olduğundan, vətəndaşların içməli su ilə təminatında çətinliklər yaranır. Rayon ərazisində dövlət vəsaiti hesabına artezian quyuların qazılması nəzərdə tutulsa da, suların duzlu olması ilə əlaqədar həmin ərazidə quyuların qazılması məqsədəmüvafiq sayılmır. Bununla bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən dəfələrlə mənbəyi Yuxarı Xanbulançay Hidroqovşağı olmaqla əraziyə su xətlərinin çəkilməsi barədə “Azərsu” ASC-yə və digər təşkilatlara məktublar göndərilib. Gələcəkdə kəndin içməli su ilə təminatının yaxşılaşdırılması üçün aidiyyəti orqanlar tərəfindən layihələndirmə istiqamətində işlər aparılır.