Bu gün, 13 avqust tarixində Astara, Masallı və Yardımlı rayonlarının bəzi ərazilərində qaz olmayacaq. Bu haqda məlumatı Cenublu.az verir.
Masallıda yerləşən “Alvadı” qaz paylayıcı stansiyadan qidalanan Köhnə-Alvadı, Bambaşı kəndlərini təbii qazla təchiz edən orta təzyiqli qaz xətti kipliyə sınaq olunacaq. Bununla bağlı saat 10:00-dan işlər başa çatana kimi Bambaşı, Böyük Xocavar və Yeyənkənd kəndlərinin, ümumilikdə 1900 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Astara rayonunun Balaca Şahağacı kəndində orta təzyiqli yeraltı daşıyıcı qaz xəttində aşkar olunmuş qaz sızması aradan qaldırılacaq. Bununla əlaqədar "Şahağac" qaz paylayıcı stansiyadan qidalanan Kakalos, Balaca Şahağacı, Qamışoba və Pensər kəndinin bir hissəsi olmaqla, ümumilikdə 1100 abonentin qaz təchizatı saat 14:00-dan işlər yekunlaşana kimi dayandırılacaq.
Yardımlı rayonunun Şilavəngə, Çayüzü və Perimbel kəndlərini təbii qazla təchiz edən orta təzyiqli qaz xətlərinin kipliyə sınaq edilməsi məqsədilə saat 14:00-dan işlər başa çatana qədər ümumilikdə 300 abonentin qaz təchizatında fasilə yaranacaq.