Cəlilabad rayonunda fasiləsiz elektrik enerjisinin təminatı ilə bağlı işlər görülür. Bu haqda bu gün, 26 sentyabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.
Rayonun 14 kəndində (Buravar, Xanəgah, Babalı, Alar, Kazımabad, Zopun, Kürdlər, Günəşli, Üçtəpə, Şorbaçı, Kürdlər, Xanılı, Gülməmmədli və Söyüdlü kəndlərində) 25 ədəd zədələnmiş transformator yenisi ilə əvəz edilib. 6 ərazidə (Cəlilabad şəhərində, Sabirabad, Günəşli, Buravar, Alar, Məmmədrzalı kəndlərində) 6 ədəd transformator əsaslı təmir olunub.
Rayonun bir sıra yarımstansiyalarında hava xətlərinin təmir-bərpa işləri aparılıb. Təzəkənd kəndində isə abonentlərin yeni kabelləşmiş şəbəkəyə köçürülməsinə başlanılıb.
Cəlilabad rayonu ərazisində 390 ədəd elektrik dayağı, 4470 metr naqil və 800 ədəd izolyator yenisi ilə əvəz edilib. Həmçinin “ASAN xidmət” mərkəzinə edilmiş müraciətlər nəticəsində abonentlər üçün 16 ədəd dayaq quraşdırılıb.