2027-ci il dövlət büdcəsində İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün nəzərdə tutulan 89 milyon manat məbləğində vəsait əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsinə yönəldiləcək.
Cenublu.az xəbər verir ki, bu məsələ 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.
2027-ci ilin dövlət büdcəsindən dövlət əmlakının özəlləşdirilməsinin təşkili və mülkiyyət hüquqlarının qorunması ilə bağlı xərclər üçün 35 milyon manat, qeyri-neft məhsullarının ixracının təşviqi, stimullaşdırılması və bu qəbildən olan digər tədbirlərin maliyyə təminatı üçün 13,3 milyon manat, ölkə daxilində istehsal edilən və qiymətləri tənzimlənən yanacağın daşıyıcıları tərəfindən Naxçıvan Muxtar Respublikasına daşınmasına çəkilən əlavə xərclərin ödənilməsi üçün 10 milyon manat məbləğində vəsait nəzərdə tutulub.