Astarada bu il sitrus bağlarında bol məhsul yetişsə də, fermerlər satışda çətinliklə üzləşiblər. Məhsulun keyfiyyəti və iri ölçüsü qənaətbəxş olsa da, aşağı qiymətlər çəkilən xərcləri qarşılamağa imkan vermir.
Cenublu.az xəbər verir ki, rayonda naringi yığımı oktyabrın 10-dan başlayıb. İlk yığım zamanı "Karli" sortunun bir kiloqramı 1 manat 20 qəpiyə satıldığı halda, hazırda qiymət 60-85 qəpik arasında dəyişir. Fermerlər bu qiymətə satışın sərf etmədiyini bildirərək məhsulun bir hissəsini bayramqabağı daha münasib qiymətə satmaq ümidi ilə ağaclarda saxlamağı planlaşdırırlar.
Bağ sahiblərinin əsas narazılıqlarından biri də məhsulun xarici bazarlara çıxarılmasında yaranan çətinliklərdir. Onların sözlərinə görə, əvvəlki illərdə xaricə göndərilən naringinin bu il böyük hissəsi daxili bazarda satışa çıxarılır. Bu isə qiymətlərin aşağı düşməsinə və məhsulun əllərində qalmasına səbəb olur.
Siyəkü kənd bələdiyyəsinin sədri Ramin Dədəyevin sözlərinə görə, ərazidə əhalinin əsas gəlir mənbəyi sitrusçuluqdur. Tezyetişən "Karli" sortunun yığımı artıq başa çatıb, hazırda isə digər sortların dəriminə başlanılıb.
Qeyd edək ki, Astara Rayon Statistika İdarəsinin məlumatına əsasən, rayonda naringi bağlarının ümumi sahəsi 2676 hektardır. Bunun 2080 hektarı məhsuldar ərazilərdir. Ötən il rayonda 58 min 363 ton naringi istehsal olunub. Hazırda "Elit" sortunun da yığımına başlanılıb.