Lənkəranda qeyri-sabit hava şəraiti, güclü külək və yağış kənd təsərrüfatına ciddi ziyan vurub. Bəzi meyvə bağlarında məhsul itkisi 90 faizə çatıb.
Cenublu.az xəbər verir ki, əsasən Separadi, Tükəvilə, Şağlaser, Vilvan və Zövlə kəndlərindəki mandarin, limon, portağal, kivi və kinkan bağları zərər görüb. Ağaclardakı meyvələrin bir hissəsi zədələnib, yetişməmiş məhsul isə yerə tökülüb.
Təkcə Tükəvilə kəndində 10 hektar kinkan və kivi bağında itki qeydə alınıb. Separadi kəndində isə 120 hektardan çox ərazidəki sitrus bağları zərər çəkib.
Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun baş məsləhətçisi Ceyhun Bağırov bildirib ki, əksər bağlar sığortalanıb. Fermerlər müvafiq qaydada müraciət etdikdən sonra onlara dövlət tərəfindən yardım göstəriləcək.
Fermerləri narahat edən əsas məsələlərdən biri də zədələnmiş ağacların gələn mövsüm məhsuldarlığına təsiridir.