Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris köməkçi vəzifələrinə işə qəbul üzrə müsabiqənin növbəti mərhələsinə hazırlıq görülür.
Cenublu.az xəbər verir ki, müsabiqənin test imtahanı mərhələsinin bu il noyabrın 16-dan 20-dək keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən vəzifələr üzrə işə qəbul müsabiqəsi cari ilin avqust ayında elan edilib. Müsabiqədə iştirak etmək istəyən namizədlərdən müəyyən olunmuş qaydada sənədlər qəbul olunub.
Hazırda test imtahanlarının təşkili ilə bağlı müvafiq hazırlıq işləri aparılır. İmtahanın dəqiq tarixi, başlanma saatı və keçiriləcəyi məkan barədə məlumat hər bir namizədin qeydiyyat zamanı təqdim etdiyi mobil telefon nömrəsinə SMS vasitəsilə göndəriləcək.
Namizədlərə imtahan prosesi və digər yeniliklərlə bağlı məlumatları izləmək üçün Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəsmi informasiya resurslarına müraciət etmələri tövsiyə olunur.