Astara rayon sakini onu bıçaqla hədələyərək telefonunun alındığı barədə polisə müraciət edib. Bu haqda bu gün, 26 noyabr tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Belə ki, R.Babayev polisə məlumat verərək gecə saatlarında Lənkəran rayonu ərazisində tanımadığı 3 nəfər şəxsin onu bıçaqla hədələyərək mobil telefonunu aldıqdan sonra oradan uzaqlaşdıqlarını bildirib.
Araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs öz mobil telefonunu narkotik vasitə əldə etmək üçün Lənkəran rayon sakini Bəhruz Hüseynzadəyə verib. Əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən B.Hüseynzadə və qardaşı İ.Hüseynzadə saxlanılıblar.
Şəxsi axtarış zamanı hər ikisinin üzərindən heroin aşkarlanıb. Bundan başqa, B.Hüseynzadənin yaşadığı evə keçirilən baxış zamanı onun R.Babayevdən narkotik vasitə qarşılığında aldığı mobil telefon, 585 qram heroin, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmin silaha aid 2 ədəd patron, əlavə olaraq, 3 ədəd 7.62 kalibrli patron və 1 ədəd soyuq silah hesab edilən bıçaq aşkarlanaraq götürülüb.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.