Lənkəranda bir dam altında yaşayan 5 ailənin evi təhlükəli vəziyyətə düşüb.
Cenublu.az xəbər verir ki, Lənkəran şəhərinin Vaqif Nağıyev küçəsində yerləşən evin sakinlərinin sözlərinə görə, tikili 1960-cı illərdə kommunal təsərrüfatın balansında olub və işçilər üçün nəzərdə tutularaq inşa edilib.
Sonra evlər özəlləşdirilib və illərdir ki, təmir olunmur. İndi yaşayış binası qəzalı vəziyyətə düşüb. Dam örtüyü, döşəmə çürüyüb, divarlarda çatlar yaranıb.
Binada yaşayış təhlükəli olduğu üçün bir neçə ailə artıq kirayə evlərə köçüb. İmkanı olmayanlar isə hələ də təhlükəli vəziyyətdəki evdə məcburi yaşayır.
Qeyd edilib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Lakin sakinlər heç bir qurumdan köməklik edilmədiyini deyiblər.