Lənkəranda itkin düşən balıqçının meyiti tapılıb.
Cenublu.az xəbər verir ki, İranda sosial şəbəkələrdə balıqçı meyitinin tapılması barədə xəbər paylaşılıb. Ehtimal olunur ki, həmin şəxs Lənkəranda itkin düşən balıqçıdır.
Bir neçə saat öncə İranın sosial şəbəkələrində Ənzəli limanında balıqçı meyiti tapılması barədə şəkil paylaşılıb. Həmin meyitin Lənkəranda itkin düşmüş hesab edilən balıqçılardan biri - Mahmud İbayevin cəsədi olduğu ehtimal olunur. Belə ki, M.İbayevin qardaşı Rəşad İbayev şəkildə qardaşının cəsədinin əks olunduğunu təsdiq edib:
"Mən şəklə baxdıqda meyitin üzərindəki kombinezon, qara köynək və əlcəklərdən onun qardaşım olduğunu anladım. Dövlətimizdən qardaşımın meyitinin İran tərəfdən təhvil alınması üçün kömək istəyirik. Nə qədər orada cəsədi dəfn etməyiblər biz təhvil ala bilək ki, özümüz dəfn edək."
Qeyd edək ki, Lənkəranda balıqçılar, Siyavar kənd sakinləri - 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov bu ilin yanvar ayında Xəzərin Lənkəran sularında itkin düşmüşdülər.