Lənkəran şəhərində yerləşən Dostluq parkında skamyaların sayı kifayət qədər deyil. Bununla bağlı şəhər sakinləri Cenublu.az-a müraciət ediblər.
“Lənkəran Dövlət Dram Teatrının yerləşdiyi parkda cəmi 1 ədəd skamya var. Qarşıdan yay gəlir. Çıxıb şəhərdə gəzəndə oturmağa yer tapmırıq. Aidiyyəti qurumlardan xahiş edirik, nəzərə alsınlar”, – deyə sakinlər bildiriblər.
Məsələ ilə bağlı Lənkəran şəhər İcra Hakimiyyətinə sorğu göndərdik.
“Məlumat üçün bildiririk ki, Milli Qəhrəman Əsgər Əliyevin adını daşıyan Dostluq parkında 6 ədəd, Qala Xiyabanı ərazisində 11 ədəd oturacaq mövcuddur. Qarşıdan yay aylarının gəldiyini nəzərə alaraq, ehtiyac yarandığı təqdirdə əlavə yeni oturacaqların qoyulması təmin ediləcək”, – qurumdan bildirilib.