Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə və Gəncə Şəhər İcra Hakimiyyətinin Ehtiyat İdarəetmə Məntəqəsinin Sığınacağında “Məktəblinin dostu” layihəsinin əməkdaşları üçün maarifləndirmə tədbiri təşkil edilib.
Cenublu.az xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin Cənub və Gəncə Regional Mərkəzlərinin əməkdaşları tərəfindən keçirilib.
Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə tədbirin keçirilməsində məqsəd layihə iştirakçılarının fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması olub.
Mərkəzin əməkdaşları tərəfindən fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış və ilkin yardım qaydaları, təxliyənin təşkili barədə ətraflı məlumat verilib, mövzulara dair videoçarxlar nümayiş olunub.
Sonda xilasetmə alət və avadanlıqları barədə tədbir iştirakçılarına məlumat verilib və məktəbdə “Zəlzələ zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirilib.