Lənkəran rayonunun Boladi kənd 1 nömrəli tam orta məktəbinin mühəndislik klubunun şagirdləri hazırladıqları innovativ qurğularla diqqətləri üzərinə cəlb ediblər.
Məktəbin direktoru bildirir ki, bir neçə il əvvəl təhsildə inkişaf və innovasiyalar üzrə keçirilən müsabiqədə qalib olduqları layihədən sonra klub öz fəaliyyətini davam etdirərək şagirdlərə dəstək göstərir və onların yeni layihələr üzərində işləmələrinə şərait yaradır.
Cenublu.az xəbər verir ki, hazırlanan qurğulardan biri görmə əngəlli insanlar üçün nəzərdə tutulub. Digər qurğu isə dünyanın istənilən yerindən bir zənglə idarə olunan elektrik cihazlarının işə salınması və söndürülməsini təmin edir. Qurğu əsasən ana lövhə, gerkon, relay və mobil telefondan ibarətdir. Mobil telefona zəng daxil olduqda, onun vibrasiyası nəticəsində yaranan cərəyan elektromaqnit sahəsi formalaşdırır. Bu sahədə yerləşdirilmiş gerkon qapanaraq, dövrəni tamamlayır və bağlı olan cihaz işə düşür. Növbəti zəng zamanı isə, gerkon açılaraq dövrə kəsilir və cihaz söndürülür.
Şagirdlər bu layihəni yalnız bir həftə ərzində hazırlayıb və parkinq sistemlərindən ilham alaraq qurğuya açılıb-bağlanan açarın əlavə edilməsindən istifadə ediblər. Klubun əsas məqsədi mühəndisliyə və elmə marağı artırmaq, eləcə də dərsdə zəif hazırlıqlı şagirdləri də bu istiqamətdə inkişaf etdirməkdir. Hazırda şagirdlər növbəti maraqlı layihələr üzərində işləyirlər və onların innovativ yanaşmaları tərifə layiq görülür.
View this post on Instagram