Əminağa Rəcəbov 1949-cu il iyulun 1-də Lerik rayonunun Andurma kəndində dünyaya göz açıb. O, 1958-ci ildə Çayrud kənd orta məktəbini bitirdikdən sonra Sumqayıtda texniki-peşə məktəbində oxuyub, kimyəvi aparatlar üzrə aparatçı ixtisasına yiyələnib. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. Ali məktəbi bitirdikdən sonra Lerikin Tikəband kənd orta məktəbində ixtisası üzrə müəllimlik fəaliyyətinə başlayıb. 1981-1984-cü illərdə Rvarud kənd orta məktəbində kimya müəllimi işləyib.
1984-cü ildən fəaliyyətini Lənkəranla bağlayıb. Azərbaycan Subtropik Bitkilər Elmi İstehsalat Birliyi Lənkəran çay filialının Aqrokimya laboratoriyasında elmi işçi təyin olunub. Eyni zamanda Daştatük kənd məktəbində, sonralar indiki Hirkan qəsəbə orta məktəbində ixtisası üzrə müəllim işləyib. Çox keçmədən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini seçilib.
Xanbulan məktəbində çalışarkən də o öz fəallığı ilə seçilib. Təşəbbüsü ilə məktəbdə bir-birindən maraqlı tədbirlər keçirilib, qabaqcıl təcrübələrin yayılmasında səylərini əsirgəməyib.
Əminağa müəllim təqaüddə olsa da, məktəblə əlaqəni kəsməyib, məktəbin bütün tədbirlərində fəal iştirak edir. Deyir ki, məktəb onun həyatıdır və həyatda nə qazanıbsa, müəllimlərinə borcludur. Yetirmələrinin çoxusu müəllimlik sənətini seçiblər. Hər dəfə onların xoş sorağını eşidəndə iftixar hissi keçirir.
Əminağa müəllim beş qız atasıdır, 13 nəvəsi və 2 nəticəsi var.
O, 1993-cü ildə 76 nömrəli Lənkəran-Astara seçki dairəsinin 8 saylı məntəqəsinin, 2024-cü ildə 77 nömrəli Lənkəran şəhər dairəsinin 36 saylı seçki məntəqəsinin sədri olmuş, seçkilərin şəffaf və obyektiv keçməsinə çalışıb. Yeni Azərbaycan Partiyasının üzvü, Xanbulan kənd Ağsaqqallar qrupunun sədri kimi yerlərdə keçirilən tədbirlərdə fəal iştirak edib.
Müəllim səmərəli pedaqoji və ictimai fəaliyyətinə görə saysız-hesabsız fəxri fərmanlara, qiymətli hədiyyələrə layiq görülüb. Bu yaxınlarda Lənkəranda anadan olmasının 75 illiyi, pedaqoji və ictimai fəaliyyətinin 50 illiyi qeyd olunub.
Mənbə: “Aşkarlıq” qəzeti