Cəlilabad məktəbliləri "Eko mühəndislik dərnəyi" layihəsi çərçivəsində smart zibil qabı hazırlayıblar.
“Azərbaycan müəllimi” xəbər verir ki, 12 təlim günündə şagirdlər mikrobitə, arduinoya proqram hazırlayıb yazmağı, “Tinker Cad” proqramını öyrənib, 3D printerdə işləmə bacarıqlarına yiyələniblər. Növbəti təlimdə layihə iştirakçılarına smart zibil qabı hazırlamaq üçün tapşırıqlar verilib. İştirakçılar təlim müddətində qazandıqları biliklərə əsasən tapşırığı icra edərək təqdim ediblər.
"Eko mühəndislik dərnəyi" adlı layihə Ülkər Abbasova tərəfindən Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbində icra olunur.
Layihənin məqsədi Cəlilabad məktəblilərini elmi-texniki innovativ istiqamətlərdə fəaliyyətlərə cəlb etməklə kənd təsərrüffatında, yaşıllaşdırmada, təkrar emalda aktual olan yeni texnologiyaların dizaynının verilməsi, kənd təsərrüfatı ehtiyaclarına uyğun tətbiq etməsi, bununla da peşə yönümülü mühəndis-dizayn, rəqəmsal və əməkdaşlıq bacarıqlarını inkişaf etdirilməsinə nail olmaqdır.
Şagirdlər layihənin icra müddətində Lənkəran STEAM mərkəzinə, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə, əkin sahələrinə ekskursiyalar edəcək, təlimin sonunda əl işlərindən ibarət sərgi nümayiş etdirəcəklər.