Lənkəran rayonunun Talışlı kənd sakini həyətyanı sahəsində bambuk bağı salıb. Otuz ildən çoxdur Talışlıda yaşayan Eynulla Calalov Azərbaycanda bu işlə məşğul olan yeganə şəxsdir ki, həyətyanı torpaq sahəsində mindən çox bambuk ağacı yetişdirir.
Azertag.az xəbər verir ki, Eynulla Calalov 1992-ci ildə Lənkəranın Talışlı kəndinə köçüb, bu ərazini satın alaraq burada bambuk əkməyə başlayıb. Deyir ki, buralarda bambuk ağacları hələ sovetlər dönəmində yetişdirilib. Gürcüstandan gətirilən bu bitki balıqçılıq təsərrüfatlarında istifadə üçün nəzərdə tutulubmuş. Təsərrüfat sahibinin sözlərinə görə, su kənarlarında kol-kos arasında bir neçə bambuk kökləri qalmışdı. Məhz o köklərdən istifadə edib bambukları çoxaltmağa başlayıb.
Hind qamışı kimi də tanınan bambuk dünyanın ən sürətli böyüyən bitkisi hesab olunur. Eynulla Calalovun bambuk bağı həm də cənub bölgəsinə gələn turistlərin ən çox ziyarət etdiyi məkanlardandır.
Eynulla Cəlalovun həyətyanı torpaq sahəsində yetişdirdiyi 1000-dən çox bambuk ağacı onun üçün əl işləri hazırlamaqdan ötrü əvəzsiz xammaldır. Usta bambukdan daha çox stol, stul, kreslo, kitab rəfi kimi əşyalar hazırlayır. Bunlardan bir neçə günə ərsəyə gələni də var, bir neçə aya bitəni də.
Bildirir ki, bambukdan əl işləri hazırlamaq olduqca çətindir. Bir masa komplektinin hazırlanmasına ən azı ay yarım vaxt sərf olunur.
Eynulla ustanın bambukdan düzəltdiyi əşyalar dəfələrlə rayonda keçirilən sənətkarlıq sərgilərində nümayiş etdirilib. O, bu işlərə görə fəxri fərmanlara, “Ustad sənətkar” diplomuna layiq görülüb.
View this post on Instagram