Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbulunu Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Motalayataq kəndində keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyul tarixində verir.
İcra başçısı nümayəndəliyə daxil olan kəndlərdə dəfələrlə səyyar qəbullar keçirdiyini, qaldırılan problemlərin həlli üçün tədbirlər görüldüyünü bildirib. Qeyd olunub ki, əvvəlki görüşlərdə qaldırılan problemlərdən Taxtanakəran-Toradi avtomobil yolu təmir olunub, yol nişanları yenilənib, şəhid Pəncəli Teymurovun doğulduğu Azaru kəndinə asfalt yol çəkilib.
Kənd sakinləri çıxış edərək pay torpaqlarının əkilməsindən ötrü texnikanın verilməsinə, kəndə qaz xəttinin çəkilməsinə, internet şəbəkəsinin yaradılmasına, münasib qiymətə odun yanacağı ilə təmin olunmalarına, avtomobil yolunun müəyyən hissələrində silinmiş ağ xətlərin yenilənməsinə köməklik göstərilməsini xahiş ediblər.
İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan bəzi məsələlərin icrası barədə tapşırıqlarını verib, digərlərinin həlli ilə əlaqədar aidiyyəti qurumlarla birgə tədbirlərin görüləcəyini bildirib.