Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kolatan kəndində sakinləri dinləyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 aprel tarixində verir.
Qəbula rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri cəlb olunublar.
Görüşdə sakinlər kənddə yeni internet şəbəkəsinin yaradılması, əkin sahələrinə gedən suvarma kanallarının qazılması, məhəlləyə və fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsi barədə müraciətlərini səsləndiriblər. İcra başçısı söylənən təkliflərin icrası ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verib.
Qəbuldan sonra icra başçısı Şiyəkəran kəndində Təngərüdçay (Pensərçay) üzərində yeni inşa edilən avtomobil körpüsünə baxış keçirib, işlərin gedişi ilə maraqlanıb, tapşırıq və tövsiyələrini verib.