Lənkəranın Boladi kəndində içməli su problemi sakinlərin narazılığına səbəb olur.
Cenublu.az xəbər verir ki, təxminən 10 min nəfərin yaşadığı kəndin böyük hissəsində lənkəranlılar su çatışmazlığından əziyyət çəkirlər.
Vətəndaşların sözlərinə görə, bəzi məhəllələrdə artezian quyularından istifadə mümkün olsa da, suyun şoran olması bu imkanı məhdudlaşdırır. Nəticədə bir çox ailə içməli suyu maşınlardan pulla almağa məcbur olur. Suyun alınması isə ailələr üçün əlavə xərc yaradır.
Boladı kənd inzibati ərazi dairəsinin nümayəndəsi bildirib ki, problemin həlli ilə bağlı aidiyyəti qurumlara müraciətlər olunub və müəyyən layihələr hazırlanaraq yuxarı təşkilatlara təqdim edilib.
Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən isə bildirilib ki, gələcəkdə Boladı və ya Veravul çayı üzərində su anbarının tikilməsi ilə bağlı təklif hazırlanıb. Layihənin həyata keçirilməsi kəndin həm içməli, həm də suvarma suyu ilə təminatına imkan yarada bilər.