Masallı rayonunun Böyük Kolatan kəndində gənc qızın özündən böyük biri ilə ailə qurması ilə bağlı iddialar araşdırılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 fevral tarixində verir.
Belə ki, babasının himayəsində olan 16 yaşlı F.H.-nin Bakı şəhərində yaşayan 27 yaşlı kişiyə ərə verildiyi iddia olunur. Toy mərasimi fevral ayında paytaxtda keçirilib. Hazırda F.H. Masallı rayonunda babasının yanındadır.
Digər məlumata görə, F.H.-nin atası 2014-cü ildə həyat yoldaşını qətlə yetirib. Hazırda ata cəzaçəkmə müəssisəsindədir. Bu səbəbdən qız, onun bacısı, qardaşı babalarının himayəsində böyüyüblər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisədən məlumatlıdırlar:
“Hazırda həmin məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.
Mənbə: Oxu.az