Lənkəran şəhəri Üzeyir Hacıbəyov küçəsinin sakinləri illərdir suötürücü kanalların təmizlənməməsindən narazıdır.
Cenublu.az xəbər verir ki, küçə boyunca uzanan bərələr ot, lil və məişət tullantıları ilə dolub. Buna görə də yağış yağanda su kanallardan normal axmır, küçə və həyətlər su altında qalır. Xüsusilə güclü yağışlar zamanı vəziyyət daha da çətinləşir, uşaqların məktəbə gedib-gəlməsi belə problemə çevrilir.
Vətəndaşlar məişət tullantılarının daşınmasından da narazıdır. Bildirilir ki, zibil maşını əraziyə həftədə bir dəfə gəlsə də, iri tonnajlı avtomobillərin məhəlləyə daxil olması bəzən mümkün olmur. Bu zaman sakinlər tullantıları özləri yol kənarına çıxarmağa məcbur qalırlar.
Şikayətçilər aidiyyəti qurumlardan suötürücü kanalların təmizlənməsini, tullantıların vaxtında daşınmasını və problemin birdəfəlik həll edilməsini istəyirlər.