Lənkəranlı gənc Şəhla Abbaszadə Xaricdə Təhsil üzrə Dövlət Proqramının qalibi olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 avqust tarixində verir.
Belə ki, 2019-cu ildə Lənkəran şəhər 4 nömrəli məktəbinin məzunu olan Şəhla bakalavr təhsilini Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə alıb. Bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirən Şəhla magistr təhsilini Böyük Britaniyanın ən qədim və nüfuzlu universitetlərindən biri sayılan Qlazqo Universitetində inklüziv təhsil üzrə davam edəcək.
Qeyd edək ki, Qlazqo Universitetindən başqa, o, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şeffild Universiteti, Bristol Universiteti və London Universitetinə də qəbul olub, lakin seçimini Qlazqo Universitetində saxlayıb.