Lənkəranda polis tərəfindən digər dövlət qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı tədbirlər görülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyun tarixində Qafqazinfo-ya istinadən verir.
Lənkəran rayonunda keçirilən tədbir zamanı “Panarama” və “Bulvar Lənkəran” restoranlarından çirkab suyun dənizə axıdılması müəyyən edilib. Həmçinin rayonun Aşağı Nüvədi kəndi ərazisində yerləşən “Palıdlı” istirahət mərkəzində məişət tullantılarının yandırıldığı və 2 ağacın kəsildiyi aşkar edilib. Çirkab suyun dənizə axıdılmasına görə həmin restoranların məsul əməkdaşları, istirahət mərkəzində məişət tullantılarını yandırdığına və 2 ağacı kəsdiyinə görə isə “Türkan” MMC-nin nümayəndəsi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, “Palıdlı” istirahət mərkəzi mərhum deputat Hadi Rəcəbliyə məxsusdur və hazırda onun ailəsi tərəfindən idarə edilir.