Lənkəran rayonunun Viyən kəndində yerləşən tibb məntəqəsi qəzalı vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 iyul tarixində Xezerxeber.az-a istinadən verir.
Həkim məntəqəsi 50 ildən çoxdur ki, xidmət edir və binada əsaslı təmir işləri aparılmadığından qəzalı vəziyyətə düşüb. Məntəqənin döşəməsinin taxtaları qırılıb, divarlarda çatlar yaranıb, qapı-pəncərələr isə yararsız vəziyyətdədir.
Sakinlərin sözlərinə görə, şəraitsizliyə görə həkimlər də əziyyət çəkir, xəstələrə zəruri xidməti göstərə bilmirlər. Kənddə ağır xəstələr olanda onları şəhərə aparırlar.
Sakinlərin dəfələrlə aidiyyəti qurumlara müraciət etməsinə baxmayaraq, bu günə kimi onların müraciətlərinin heç bir nəticəsi olmayıb.
Viyən kənd tibb məntəqəsi 3000 nəfərdən çox əhaliyə, eləcə də qonşu kəndlərin əhalisinə tibbi xidmət göstərir.
Qeyd edək ki ötən ilin 8 iyun tarixində Cenublu.az Lənkəran rayonunda yerləşən və qəzalı vəziyyətdə olan Viyən kənd məktəbi və tibb məntəqəsi haqqında məlumat verib.