Lənkəranda batmaq təhlükəsi ilə üzləşən qadın xilas edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 avqust tarixində Apa-ya istinadən verir.
Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində nəzarətsiz çimərlikdə bir nəfər boğulma təhlükəsi ilə üzləşib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-axtarış qrupu cəlb olunub.
Boğulma təhlükəsi ilə üzləşən Masallı rayonunun Gəyəçöl kənd sakini, 28 yaşlı Aysel Seyfullayeva xilas edilib. Zərərçəkən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.
Qeyd edək ki, ötən gün FHN-in Cənub Regional Mərkəzi və Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-axtarış qrupu həmin ərazidə "Çimmək Qadağandır" yazılı lövhələr quraşdırıb, çimmək qadağan edilib.