Lənkəran Dövlət Dram Teatrının direktoru, kino və teatr rejissoru İntiqam Hacılı teatrın fəaliyyəti haqda danışıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 avqust tarixində MediaPost-a istinadən verir.
Rejissor bildirib ki, Lənkəran teatrı həmişə özündən söz etdirən teatr olub. Teatrın iki tamaşası Azərbaycan Dövlət Televiziyasının Qızıl fondundadır. Həmçinin teatr beynəlxalq festivallarda iştirak edib.
İntiqam Hacılının sözlərinə görə, Mədəniyyət Nazirliyi teatrın layihələrini daimi dəstəkləyir.
“Sentyabrdan əlimizdə yeni tamaşalar olacaq. Əsas məsələ budur ki, bütün komanda böyük həvəslə işləyir. Yanvar ayından biz açıq kassa siyasətimizi gücləndirmişik. Şənbə və bazar günlərində axşam tamaşalarının ardıcıl yayımlanması bərpa olunub. Əgər yanvar-fevral aylarında tamaşalarımıza 8-10 nəfər gəlirdisə, hazırda bu say 30-40-a çatıb. Mən inanıram ki, Azərbaycanda digər teatrlar da bu formada çalışacaq və özündən söz etdirəcək”, - deyə direktor bildirib.