Şair Salam Sarvanın hazırda müalicəsi evdə davam etdirilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 aprel tarixində Apa.az-a istinadən verir.
Şair bildirib ki, o, iki əməliyyat keçirib və bir dəfə də əməliyyat olunmalıdır. Əməliyyatın gələn həftə olacağı gözlənilir. Salam Sarvan səhhətində irəliləyiş hiss etdiyini əlavə edib.
Qeyd edək ki, Salam Sarvan 1966-cı ildə Cəlilabad rayonunda anadan olub. N.A. Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu bitirib. Bakıda yaşayır. Ölkənin tanınmış media orqanlarında redaktor kimi çalışıb. Hazırda Dövlət Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı jurnalında Baş redaktor müavinidir.
O, "Sənə deyiləsi deyil sənə deyiləsi sözüm", "Mən gələr olmadım, yolu qarşıla", "Heykəl tənhalığı" adlı şeir kitablarının müəllifidir. Şeirləri ingilis, fransız, rus, türk, Ukrayna, polyak, gürcü, özbək dillərinə tərcümə olunub. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin xətti ilə "Boğulmaq da olmur, dayazdır dünya" kitabı Ukrayna dilində nəşr edilib.