Mənimsəmədə ittiham olunan Cəlilabad rayon V.Mürsəlov adına Göytəpə şəhər 1 saylı orta məktəbinin sabiq direktoru Seymur Cəfərova məhkəmədə hökm oxunub. Bu haqda məumatı Cenublu.az bu gün, 17 avqust tarixində Qafqazinfo-ya istinadən verir.
Cəlilabad Rayon Məhkəməsində keçirilən prosesdə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökm gününə kimi orta məktəbdə ingilis dili müəllimi işləyən S.Cəfərov dərsdən birbaşa gələrək məhkəmə zalında həbs olunub və istintaq təcridxanasına göndərilib.
Qeyd edək ki, S.Cəfərov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, məktəb direktoru işlədiyi müddətdə 12 min manat büdcə vəsaitini mənimsəməkdə təqsirləndirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Barəsində istintaq dövrü müddətində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs verilmiş ittihamlarla özünü təqsirli bilməyib, dəymiş ziyanı ödəməkdən imtina edib.