Cəlilabad rayonunda günəbaxan sahələri 70 hektara qədər artırılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 avqust tarixində Azərtac-a istinadən verir.
Son illər rayonda suvarma suyuna tələbatın tam ödənilmədiyinə baxmayaraq, istehsalçılar bu mövsüm əkin sahələrini 140 hektardan 210 hektara çatdırıblar.
Fermerlər bildirirlər ki, bu sahəyə üstünlük verilməsinin əsas səbəbi günəbaxanın məhsuldarlığının yüksək olması və quraqlığa davamlılığıdır. Onların sözlərinə görə, bu mövsüm məhsulun qiymətinin 1 manat 20 qəpik civarında olacağı gözlənilir.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisi Hafis Kərimov bildirib ki, günəbaxan sahələrində yığım tam texnologiyaya uyğun və həmçinin ənənəvi qaydada olaraq – əl ilə aparılır.
Qeyd edək ki, ötən il 147 hektar günəbaxan sahəsindən 230 tona yaxın məhsul toplanılıb, bu il isə sahələrdə məhsulun 100 ton artıq olacağı gözlənilir.