Bu gün, 6 aprel tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi Qalib Əbdüləhəd oğlu Əkbərovun mövlud günüdür.
Qalib Əkbərov 2002-ci ildə Lənkəran rayonunun Kərgəlan kəndində anadan olub. 2008-2019-cu illərdə Lənkəran rayon Kərgəlan kənd tam orta məktəbində təhsil alıb.
Qalib Əkbərov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Əvvəlcə Ağcabədi rayonunda, sonra Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissələrdə xidmət edib.
İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qalib Əkbərov sentyabrın 27-də Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Lənkəran rayonunun Kərgəlan kəndində dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.