AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu şöbəsinin işçiləri Astara rayonunda yeni abidə aşkar ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 avqust tarixində Apa-ya istinadən verir.
Rayonun Alaşa kəndində monitorinqlər zamanı, orta əsrlərə aid olduğu hesab olunan Əlişah qalasına baxış keçirilib. Qrup üzvü Baloğlan Xudadatov bildirib ki, qalanın tapılması Astara-Bakı magistral yolunun çəkilişi zamanı baş verib.
İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev el arasında “Divəkə” adlandırılan qalanın vaxtilə sovet ordusunun hərbçiləri tərəfindən dağıdıldığını qeyd edib.
Bildirilib ki, yaxın vaxtlarda qalada tədqiqat işlərinin başlanması nəzərdə tutulub.