Astara rayonunda atasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 avqust tarixində Astara Rayon Prokurorluğuna istinadən verir.
Hadisə rayonun Çürkəş kəndində qeydə alınıb. 71 yaşlı Qubad Əliyevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Bildirilib ki, istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qızı, 36 yaşlı Rühəngiz Əliyeva tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Rayon prokurorluğunun qərarı əsasında Rühəngiz Əliyeva şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.
Qeyd edək ki, daha öncə Qubad Əliyevi qətlə yetirməkdə onun 46 yaşlı oğlu Rəşad Əliyev şübhəli bilinirdi.