2016-cı ildə Cəlilabadda itkin düşən, 9 il sonra isə qətlə yetirildiyi üzə çıxan 1982-ci il təvəllüdlü Xəyalə Xəlilovanın ölüm işi üzrə məhkəmə prosesi başa çatıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə Elnur Eynullayevə hökm oxunub.
Məhkəmənin hökmünə əsasən, Elnur 19 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Elnur Eynullayev 2016-cı ildə köhnə və istifadəsiz binada Xəyalə Xəlilovaya təcavüz edib, daha sonra isə onu boğaraq öldürüb.
Bildirilib ki, Eynullayev hadisədən bir gün sonra Xəyalənin meyitini həmin tikilidə basdırıb. Meyitin basdırılmasında həmin vaxt yeniyetmə olan Vaqif adlı dostunun ona kömək etdiyi qeyd olunur.
Maraqlıdır ki, Elnur Eynullayev saxlanılarkən cinayəti Vaqifin törətdiyini bildirib. İstintaq materiallarına görə, sonradan o, Xəyaləni öldürməsinin və təcavüz faktının bilinməməsi üçün cinayəti dostunun üzərinə atmağa çalışıb.
9 il bağlı qalan cinayət isə 2025-ci ildə Daxili İşlər Nazirliyi və Penitensiar Xidmət əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində açılıb. Həmin ilin noyabrında Elnur Eynullayev saxlanılaraq istintaqa təhvil verilib.
Mənbə: xitab24.аz