Şahlar Həsənağa oğlu Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad şəhərində anadan olub [2].
O, ilk təhsilini Cəlilabadda alıb, 1964-1969-cu illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili komediya aktyorluğu fakültəsində oxuyub. Daha sonra Şahlar Quliyev indiki Bakı Musiqi Akademiyasına daxil olub. 1973-cü ildə həmin təhsil müəssisəsini bitirdikdən sonra o, burada 2 il Şövkət Məmmədova adına Opera studiyasında solist kimi işləyib. 1975-ci ildən başlayaraq Quliyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışıb [1,4].
Şahlar Quliyev milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir. O, “Leyli və Məcnun”da Nofəl, “Şah İsmayıl”da Aslan şah, “Aşıq Qərib”də Şahvələd, “Sevil”də Atakişi, “Arşın mal alan”da Süleyman, “Koroğlu”da Həsən xan, “Aida”da Amonasro, “Karmen”də Eskamilio, “Payatsı”da Tonio, “Bohema”da Şonar rollarını canlandırıb. Bundan əlavə, o, 2000-ci ildə çəkilən “Qız qalası” və 2007-ci ildə lentə alınan “Bəylik dərsi” filmlərində rol alıb [2].
Şahlar Quliyev Türkiyə, Rusiya və dünyanın digər ölkələrində çıxış edib [3]. Sənətkar 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görulüb [1,3].
Ədəbiyyat:
- İlham Rəhimli. Azərbaycan teatr tarixi. Bakı-2005.
- https://xalqqazeti.com/az/news/57446
- http://azteatr.musigi-dunya.az/file?id=92&dt=137
- https://news.milli.az/culture/100693.html