Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "turantv.аz" saytının Cəlilabaddan olan rəhbəri Ramin Sadıqlı və "bölgeinfo" saytının təsisçisi və baş redaktoru Vüqar Quliyevin kassasiya şikayəti təmin edilməyib.
Hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar elan olunub.
Hər iki şəxs rəhbərlik etdikləri saytlarda bir neçə vətəndaş barəsində rüsvayedici məlumatlar yayacaqları ilə hədələyərək pul tələb etməkdə ittiham olunub. Onlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Ramin Sadıqlını 6 il 3 ay, Vüqar Quliyevi isə 6 il müddətinə azadlıqdan məhrum edib.
Şirvan Apellyasiya Məhkəməsi şikayətləri qismən təmin edərək hökmü dəyişdirib. Nəticədə Sadıqlıya 5 il 3 ay həbs cəzası və 2 il rəhbər vəzifə tutmaq hüququndan məhrumetmə, Quliyevə isə 5 il həbs cəzası təyin edilib.
Son qərarla onların kassasiya şikayəti rədd olunub.
Mənbə: pravda.аz