Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev növbəti səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 yanvar tarixində verir.
Qəbul Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sərək kəndində təşkil edilib. Burada rayonun idarə və müəssisələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə vətəndaşlar Sərək kəndində avtobus dayanacağının quraşdırılmasına, Ərçivan-Şuvi avtomobil yolunun təmir edilməsinə, kəndə yüksəksürətli internet şəbəkəsinin çəkilməsinə, məhəllə yolunun təmir edilməsinə və ünvanlı sosial yardımın ayrılmasına köməklik göstərilməsini xahiş ediblər.
Qəzənfər Ağayev qaldırılan əksər məsələlərin qısa vaxt ərzində həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.
Qeyd edək ki, son illər Sərək kəndində qazlaşdırma başa çatdırılıb, elektrik xətt təsərrüfatında təmir işləri aparılıb, avtomobil yolu asfaltlanıb. Hazırda Sərək kənd tam orta məktəbinin inşasına start verilib.