Masallı rayonu ərazisində biçilmiş taxıl sahəsində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Hadisə Qəriblər kəndində qeydə alınıb. Yanğın FHN-in əməkdaşları tərəfindən qısa müddətdə söndürülüb.
Faktla bağlı FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilib. Bu istiqamətdə araşdırma aparan DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə yanğın baş vermiş ərazidə üzərində xüsusi böyüdücü lupanın yerləşdirildiyi qurğunun aşkar edilməsi barədə məlumat daxil olub.
İdarənin əməkdaşları tərəfindən hadisə yerində qurğuya baxış keçirilərkən onun üzərində həqiqətən də lupanın yerləşdirildiyi və günəş şüalarının fokuslaşması nəticəsində günün isti vaxtlarında quru otların alışmasına şərait yaratdığı müəyyən edilib ki, bu da yanğının qəsdən törədilməsinə əsaslı şübhələr yaradıb.
Qeyd olunanları nəzərə alaraq, faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.