Lənkəran rayonunun Sütəmürdov kəndində toyuq kəsim sexindən qanlı suların Xəzər dənizinə axıdılması ilə bağlı redaksiyamıza daxil olan şikayətə rəsmi açıqlama verilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Cenublu.az-a bildirilib ki, aparılan araşdırma zamanı sexdə yaranan tullantı suların heç bir təmizləyici qurğudan keçirilmədən torpaq məcralı axar vasitəsilə dənizə axıdıldığı müəyyən edilib.
Faktla bağlı tullantı suların fiziki-kimyəvi tərkibinin müəyyənləşdirilməsi üçün nümunə götürülərək laboratoriyaya təqdim olunub. Sex sahibinə qarşı inzibati xəta haqqında iş üzrə icraata başlanılıb.
Qeyd edilib ki, həmin şəxs barəsində əvvəllər də — 25 sentyabr 2025-ci il və 29 aprel 2026-cı il tarixlərində inzibati məsuliyyət tədbirləri görülüb. Həmçinin gigiyena tələblərinin pozulması ehtimalı ilə bağlı tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq regional bölməsinə müraciət göndərilib.